Müsahibə : Esmira Avilova . Ballı qızın hekayəsi

İnsanların uğur hekayələrini oxumağı sevirik. Çünki hər bir uğur hekayəsi kiçik bir sübutdur bizim üçün, motivasiyadır. Əslində mümkün olan amma biraz cəsarət etmədiyimiz arzularımıza doğru addımlamağa təkandır.

Mənim blogum gündəlik moda xəbərlərindən başqa cəsarətləndirmək,marifləndirmək və həvəsləndirmək məqsədinə qulluq edirsə, o zaman burada uğur hekayələri də olmalıdır deyə düşündüm. Yox, söhbət 6 yaşında məktəbdən qovulub sonra milyonçu olan kəslərdən getməyəcək. Mən real insanları ,real hekayələri ,gözümüzün önündə addımlayanları təqdim etmək istərdim.

İlk müsahibəm “şirin” başlasın deyə, Tort Dizayneri Esmira Avilovadan başladım. Şəxsən mənim heyran olduğum və bir o qədər də daxili aləmiylə tanışmaq istədiyim “Ballı Bisi” .😄

Esmira xanım ilə söhbət bir neçə saat elə axdı ki, müsahibə üçün hazırladığım sualları az qalırdı unudam. Təhrifsiz,olduğu kimi söhbətimizi təqdim edirəm.

-Niyə Ballı Bisi? Bu sual çox verilir?

-Mənə adımı qısaldıb Esi deyirdilər, mən ailə quranda yoldaşımın bacısı oğlu Esi deyə bilmirdi “Bisi” deyirdi . Adım Bisi qaldı. Bu işi quranda neçə gün fikirləşdik ki,adı nə olsun ki, banal adlardan olmasın və dilə asan gəlsin,ən asası öz dilimizdə olsun. Çoxları peçenyelərlə marzipanı su ilə yapışdırırlar. Türkiyədə mən bu işi öyrənən zaman su yox,bal texnikasini da öyrəndim. Beləliklə adı “ballı” qaldı.  İnstagramda “ı” hərfi olmadığı üçün Balli yazıldı və bugünki ada gəldik çıxdıq. Logomuzda da Balli Bisi yazılmağa başladı . Ad özü özünü dəyişdi.

– Demək ki, doğru tələffüz edirmişəm ,əsas odur banal sualıma cavab aldım. 😃 

– Mən bir dəfə elan etdim ki,kim ən maraqlı sual versə ona tort hədiyyə  edəcəyəm. İnanın 100 sualdan 10-u bu sual idi ki, dünyaya bir daha gəlsəydiniz bu sənəti seçərdiniz mi? Axı mən dünyaya bir daha gəlməyəcəm.

– İlk dəfə başlayanda, yəni bu yolun ən başında , hamı kimi ağlınızda bir yol xəritəsi,bir limitiniz var idi. Həmin yolun harasındasınız? 

– ( Bir an düşünür) Hal -hazırda yarısındayam yolun. Gözləntilərimin yarısını əldə etmişəm. Bir bu qədər etsəm bundan sonra özümü istəyimə çatmış hesab edəcəyəm.

– Çətin olan nə idi? 

– Bilirsən, Pərvanə, çoxları bir işə başlayanda ətrafında dostları,tanışları olur. Bu geniş əhatəsi bir növ reklam,PR -a çevrilir. Bir də var heçkimi tanımırsan, evdar bir qadınsan və konkret sərhədləri olan bir ailədənsən,ailə qurmusan və uşaq dünyaya gətirib həyatını davam etdirməyini gözləyirlər. Amma sənin içində həmişə nəsə yaratmaq istəyi,arzusu olub . İş qurursan amma bilmirsən kimə gedəsən,kimdən kömək istəyəsən. İş quranda gözləyirsən bir çöp belə olsa ,köməyə ehtiyacın olur. O qədər itirmişəm,uduzmuşam,pulsuz işlər görmüşəm ki..

– Necə oldu başladınız?Biraz məlumatım var. İstəmirdim bu mövzulara dəyinmək. 

– Yox,hərşey yaxşıdır. Nəsə bişirmək ,yaratmaq sevgisi məndə həmişə olub. Daha əvvəl bir şirkətdə mühasib işləmişdim və elə o cür də iş axtarırdım. Məndə gözlənilən bu idi, ali təhsil almısansa dövlət ya özəl şirkətdə , ofis işlərində işləməli idim. Elə oldu ki, səhhətimlə bağlı çox ciddi problemlərim yarandı. Ölümlə üz-üzə gəldim və İstanbulda bahalı xəstəxanalardan birinə yatırıldım. Yoldaşım,valideynlərim əllərindəkindən vaz keçdilər ki,mənim xəstaxana xərclərimi ödəyə bilsinlər. Bütün bu proses il yarım çəkdi. Müalicəm bitdikdən sonra mən yenə yoxlanış üçün İstanbula getdim. O zaman təsadüfən Facebook sosial şəbəkəsində bir türk pastacının həftəsonu kursu elanını gördüm. Bir nəfər son anda qeydiyyatını ləğv edib və onun yeri boşalıb.Qiymət 200 TL. Qardaşım yanımda idi, soruşdum verərsən mənə 200 TL ? Dedi “Bacı narahat olma” ( Burada mən kövrəlmişdim) . Getdim kursa ,səhər 10 dan axşam 7yə qədər biz işlədik. Mən ancaq iş bitəndə xatırladım ki,nahar etməmişəm. O işi elə sevmişdim ki,aclığımı belə hiss etməmişdim . Növbəti gün Eminönündən bir neçə tort üçün ləvazimatlar aldım bazardan. Bakıya gəlib arzum haqqında danışanda ailəmdən çox böyük iradlar aldım. Amma başladım. Gecə yatmayıb video dərslərə baxdım..  Bir tanış vasitəsi ilə Mehinlə tanış oldum , dedilər Mehin cupcake bişirən axtarır….

– İlk sifariş tortunuzu xatırlayırsınız mı? 

– Mart ayının 1-i . Qırmızı,ağ bantlı tort. Şəklini qardaşıma atmışdım.

– Ilk vaxtlar şirniyyatların , testlərini yəni dequstasiyanı kim edirdi?

– Əvvəllər yoxladığım reseptlər vardı. Yoxlayanların sözlərindən bilirdim ki,dadlı alınır. Amma sonradan da öyrəndiyim çox şey oldu.Bir il mən yalnız malinalı tort etdim,çünki şokoladlı tortu hərkəsin ağız dadına uyğunlaşdırmaq çətin idi. Hərə şokoladı bir cür sevir. Yavaş-yavaş ona nail oldum.

– Bu günə qədərki sifarişlərin içində ən qeyri-adisi hansı olub? Yəni , bu dad,görünüş və ya hərhansı xüsusiyyət ola bilər. Olub mu ki,sifariş gələndə demisiniz ki, bu nədir? Mən necə hazırlayacam bunu?

– (Gülüməyir,amma çox düşünmür) Bilmirəm bunu yazacaqsan ya yox,bir dəfə toydan əvvəl qızlar üçün parti edirdilər,mənə kişi cinsiyyət orqanı formasında kapkeyklər sifarişi etdilər. Etiraz etməyim qeyri-professional olardı. Mən etdim bunu, amma biraz fəqrli formada. 😂 O balaca cinsiyyət orqanlarına qaş ,göz və qalstuk əlavə etdim.

– Tortun görünüşü yoxsa dadı? İkisinindən biri.

– Dadı. Amma konkret müştərilərim var ki,onlar üçün görünüş əsasdır. Mənim işlərimin sevilməyinin əsasında bu durdu,görünüşlə dada eyni yanaşdım. Özümün ağız dadına uyğun olmayan heçnəyi müştəriyə sata bilmərəm.Bir gündən qalmış kremi əsla istifadə etmərəm, o atılar amma istifadə edilməz. Əgər işçim də məndən icazəsiz bunu etsə o böyük problem olar.

– Kaprizlər olur mu?

– Eyni gündə eyni tortu iki yerə təqdim etmişik. Biri dadına valeh olub,digəri isə çox pis sözlər yazıb ..

– Bu işi çox sevirsiniz. Belə an olub ki, bu işi yorulub sonlandırmaq istəmisiniz ?

– Anlıq bir əsəblə ola bilər. Amma bu işsiz necə yaşamışam bilmirəm.

– Müsahibəyə dəvət edəndə sizi bilmədim bunu necə istəyim çünki bilirəm çox məşğulsunuz. Boş vaxtınızı özünüzə ,sevdiklərinizə xərcləyə bilərdiniz. Esmiranın bir günü necə keçir?

– İndi günüm normal insan gününə dönüb. Səhər durub işə gedirəm,konkret iş saatlarım var. Axşam isə yoldaşımla gəzirik və ya idman edirəm. Çox vaxtımı alan telefonlar,yazışmalar üçün köməkçim var. Bu işimi çox asanlaşdırıb.

– Bir var tort bişirən, bir var tort dizayneri. Siz sənət əsəri yaradırsınız. Mən ilk dəfə o musiqili karusel tortunuzu görəndə o linki kopyaladım və tanıdığım hərkəsə göndərdim ki,baxın bunu bizdə ediblər. Bu əsərləri yaratmazdan əvvəl eskizini çəkirsiniz yoxsa proses zamanı gəlir ideyalar?

– Proses vaxtı olur. Bugünə kimi heçvaxt eskiz,plan etməmişəm. Rəssamlıq qabiliyyətim var. Dayım rəssamdır,qohumlarımda çoxdur rəssamlar. Amma mən tortlarımın rəsmini çəkmirəm. Həmişə deyirəm qabiliyyət çox adamda ola bilər amma zövq Allah vergisidir. Göz zövqü ayrıdır. İndi sifariş gəlir, düşünürəm necə edəcəyimi eskiz olmasa da amma alınır nəticədə.

– Əgər sirr deyilsə,bu işin uğuru nədədir ? Tutdurmağın açarı nədir?  Uğurun açarı məncə işləməkdir. Amma spesifik bir şeylər olmamış olmaz.

– Sizə deyim, ən birinci dürüst olmaq,vicdanlı olmaq. Heç vaxt pulu düşünməmişəm, adımı qaldıran işimdir. Çox qazanmadığım günlər də olub, amma işim gözəl olub. Bir də ki,yenilikçi olmaq istəmişəm. Bizdə olmayanı etmək, xaricilərdə görəndə demişəm niyə bizdə olmasın?  Məsələn o karusel tortu. Fırlanan versiyaları xaricdə vardı,amma mən ona musiqi də əlavə etdim. Bir də siz dediyiniz kimi, işləmək…

– Çox işləmək.

– İndi mənim beynimdə 3 böyük proektim var. Onun üstündə işləyirəm. ( Planı mənimlə paylaşsa da burada onu yazmıram )

– Bəs bu işlə xaricə çıxmaq? Dünya tort dizaynerlərini araşdırmışdım. Hamısının mükafatları var. Sərgilərə gedirlər.

– İstəyim var. Sərgilərdə iştirak etmək öz yerində..Amma istərdim beynəlxalq tədbirləri burada keçirim. Bundan öncə öz sözümü deməliyəm. Azərbaycan üçün nəsə etmək istəyirəm…. Qızıl xırdaladım hə? ( gülür )

– İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfi? 

– İşimin ən sevdiyim tərəfi odur ki,biz ancaq insanların xoş günü üçün işləyirik. Şirniyyatlsr gözəl günlər üçündür. Sevmədiyim tərəfi isə çox stresslidir. Bütün işlərin stressi var, amma bu insanın ən özəl günüdür və ürəyincə olmasa çox üzülür. Bəzən tortun hansısa detalı üçün gözyaşı tökənlər var.

-Mənə tortun varlığı bəs edərdi 🙂 

– Mənim özümün hələ marcipanlı tortum olmayıb 😄

– Bürcünüz nədir? 

– Şir..

 

 

 

Bütün müsahibə və söhbət ərəfəsində əslində doğma ruhu hiss etmişdim. Esmira,əziz Balli Bisi,mənə və izləyicilərimə ayırdığınız vaxta görə minnətdarıq.İşlərinizə və həyatınızda uğurlar arzu edirik!


 

 

 

 

 

3 Comments on “Müsahibə : Esmira Avilova . Ballı qızın hekayəsi

  1. Motivasiya edici hekayələri sevirəm.😊Kefimin olmadığı bir anda oxudum və kefim düzəldi.Xanıma da,sənə də uğurlar yeni proektlərinizdə🌸

  2. Mənə maraqlıdır görəsən ailəsi indi necə münasibət göstərir Esmiranın biznesinə? Mənə elə gəlir ki, həralda qürur duyarlar, çünki qürur verici dərəcədə gözəl işləri var 🙂

  3. Bir işdeki Parvana imzasi var bu qeder semimi ve balli )) olmasi tebiidir. Cox maraqlidir bu cur musahibeler bol olsun mence sehifenizde. Oxuduqca zovq aldim ve qurur duyur insan bele guclu qadinlarla. O beynelxalq sergi xeyalinin olkemizde reallasdiracaginiz gunu gormeyi cox isterdim. Her ikinize bolluca ugurlar yorulmayasiniz 👍😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *